
Ağdam rayonunda, şəhər mərkəzindən təxminən 6 km məsafədə yerləşən Kəngərli (Aşağı Ortağ) kəndi işğaldan azad olunmuş ərazilərdə yeni yaradılan və köç olmuş ilk yaşayış məntəqəsidir. Ümumi sahəsi 177 hektardan çox olan ərazidə 2544 nəfər üçün 632 fərdi ev, eləcə də məktəb, uşaq bağçası, sosial obyektlər və müasir infrastruktur inşa edilib.
Təhvil ili
2025
Məkan
Ağdam rayonu, Kəngərli kəndi
Ümumi torpaq sahəsi
177 hektar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verdi.


Qeyd edildi ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.
Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
