
Memorial raket zərbələrindən birinin endirildiyi ərazidə, keçmiş yaşayış evlərinin yerində inşa olunub və 4 hektarlıq sahəni əhatə edir. Spiral formalı memarlıq həlli torpaqda yaranmış krateri – raketin izini simvolizə edir. Açıq hissədə dağıdılmış binaların qalıqları xüsusi installyasiya kimi qorunub saxlanılıb.
Təhvil ili
2025
Məkan
Gəncə şəhəri
Tikilinin sahəsi
2 400 m²
Ümumi torpaq sahəsi
4 hektar (40 000 m²)


Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.
Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.


Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.
Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.


Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.
